CƏMİYYƏT
“Gənc Vətənpərvərlər” İctimai Birliyi işğalçı Ermənistan ordusunun mülki əhalini hədəfə almasını şiddətlə qınayıb
Bakı, 6 iyul, AZƏRTAC
“Gənc Vətənpərvərlər” İctimai Birliyi Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı növbəti silahlı təxribatını şiddətlə qınayan bəyanat qəbul edib.
AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin iriçaplı silahlardan atəş açması nəticəsində günahsız insanların, o cümlədən iki yaşlı uşağın qətlə yetirilməsinin xüsusi vurğulandığı bəyanatda deyilir: “Davamlı şəkildə insanlığa qarşı hərbi cinayətlər törədən, beynəlxalq qurumların sülh çağırışlarına əhəmiyyət verməyən Ermənistanın siyasi rəhbərliyinə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi tədbirlər görülməməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin yerinə yetirilməməsi bir daha göstərir ki, Ermənistan nəinki regionda, eləcə də dünyada sülh üçün ciddi təhlükədir. Sonuncu hadisə Ermənistanın beynəlxalq hüquqa və humanizmə meydan oxuyan siyasi hakimiyyətinin terrorçu mahiyyətinin daha bir göstəricisidir.
“Gənc Vətənpərvərlər” İctimai Birliyi olaraq, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini və ikili standartlar nümayiş etdirməsini Ermənistan tərəfinin bu cür təxribatlarının davamlı hal almasına gətirib çıxaran əsas səbəb kimi qiymətləndiririk. Biz dünya ictimaiyyətini, beynəlxalq qurumları Ermənistanın regionda sülhə təhdid olan davamlı hərəkətlərinə qarşı insani mövqe nümayiş etdirməyə, bu cür insidentləri törədən Ermənistanın cinayətkar siyasi rəhbərliyini sərt şəkildə qınamağa çağırırıq. Əks halda Azərbaycan əsgəri təmas xəttində mülki əhalini qorumaq məqsədilə işğal altında olan torpaqlarımızdakı təcavüzkar erməni silahlı qüvvələrinə layiqli cavab verəcək”.
Bəyanatda, həmçinin vurğulanıb: “Gənc Vətənpərvərlər” İctimai Birliyi olaraq, Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində addımlarını dəstəkləyir və bu yöndə səylərin nəticə verməyəcəyinə əminliyimizin bitdiyi məqamda Ali Baş Komandanımızın əmri ilə son qarış torpağımızın işğaldan azad edilməsi yolunda qüdrətli ordumuzla bərabər müqəddəs savaşda olacağımızı bir daha bəyan edirik”.