ELM VƏ TƏHSİL


Gənc alimlər III respublika innovasiya müsabiqəsi barədə məlumatlandırılıb

Bakı, 13 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə III respublika innovasiya müsabiqəsinin təşviqi məqsədilə maarifləndirici tədbir keçirilib.

Müsabiqə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialı və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə birgə elan olunub. Müsabiqənin keçirilməsində məqsəd BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək verməkdir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq akademiya rəhbərliyi tərəfindən gənc alimlərin elmi fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması, o cümlədən sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü söyləyib. Bildirib ki, gənc tədqiqatçılar respublika və beynəlxalq əhəmiyyətli layihə və müsabiqələrdə Azərbaycan elmini layiqincə təmsil edirlər.

Sonra İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov çıxış edərək ölkəmizdə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyaların vacibliyini vurğulayıb, müsabiqə qaydalarını gənc tədqiqatçıların diqqətinə çatdırıb.

Qeyd edib ki, müsabiqəyə innovativ ideyaları əks etdirən, iqtisadi səmərəli və həyata keçirilməsi mümkün olan layihələr qəbul olunur. O, müsabiqə çərçivəsində Qiymətləndirmə Komissiyası tərəfindən bəyənilən layihələrin reallaşdırılması və tətbiqi məqsədilə müxtəlif dövlət qurumları, təşkilatlar və sahibkarlıq subyektlərində təbliğatın aparılacağını söyləyib.

İclasda, həmçinin Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov, həmçinin "Ernst və Yanq Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf Xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova çıxış edərək müsabiqənin önəminə toxunub, gəncləri layihədə fəal iştiraka çağırıblar.

Sonda gənc alimlər üçün III respublika innovasiya müsabiqəsinin mərhələləri ilə bağlı videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.