ELM VƏ TƏHSİL
Gənc alimlər Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar
Bakı, 28 sentyabr, AZƏRTAC
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının, Həmkarlar Təşkilatının və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Vətən müharibəsi zamanı canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açaraq qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tariximizin kədərli günlərini qürurlu günlərlə əvəz edib. Alim 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın döyüş yolundan söz açıb və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.
İnstitutun Həmkarlar Təşkilatının sədri Məmməd Məmmədov qeyd edib ki, 44 günlük haqq savaşımızda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimov bu günün önəmini vurğulayaraq həmin dövrdə xalq olaraq necə mübariz olduğumuzu bütün dünyaya sübut etdiyimizi söyləyib. Onun sözlərinə görə, hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq.
Vətən müharibəsinin iştirakçısı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mülki müdafiə qərargahının rəisi polkovnik-leytenant Ruslan Məhəmmədov döyüşlə bağlı xatirələrini bölüşüb.
Anım tədbirində Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Tərlan Yelmarlı “27 Sentyabr - Anım Günü”, həmin müəssisənin elmi işçisi Vüsalə İsaqova “Şəhidlik - qəhrəmanlıq”, Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Atayeva “Vətən müharibəsi xatirələrdə”, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nigar Mustafayeva “Zəfər tarixinin başlanğıcı” mövzularında məruzə ilə çıxış ediblər.
Həmçinin tədbirdə YAP-ın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda ərazi partiya təşkilatının sədri dosent Zaman Məmmədov və sədr müavini Fərid Mustafayev qeyd ediblər ki, məhz güclü dövlət siyasəti və hərbçilərimizin qəhrəmanlığı sayəsində öz tarixi torpaqlarımız düşmən tapdağından azad edilib.