ELM VƏ TƏHSİL
Gənc alimlərin Hüseyn Cavid və Cavidlər irsinin təbliğində fəaliyyətindən bəhs edilib
Bakı, 2 fevral, AZƏRTAC
AMEA-nın Hüseyn Cavidin ev-muzeyində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə müəssisənin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ölkəmizdə 2 Fevral - Azərbaycan Gəncləri Gününün qeyd edilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. G.Babaxanlı Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi kimi gənclər siyasətinə xüsusi diqqət ayırdığını nəzərə çatdırıb. Ölkəmizdə gənclərin bütün sferalarda uğurla təmsil olunduğunu vurğulayıb.
Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lalə Əliyeva çıxış edərək AMEA-da, həmçinin muzeydə gənclərə xüsusi diqqət göstərildiyini və onların qayğı ilə əhatə olunduğunu bildirib. O, muzeydə keçirilən “Hüseyn Cavid və müasir gənclik” mövzusunda ənənəvi respublika elmi konfranslarının və gənclər arasında keçirilən “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda bədii qiraət müsabiqəsinin bunun bariz nümunəsi olduğunu qeyd edib.
Tədbir iştirakçıları muzeyin gənc alim və mütəxəssislərinin ölkədə Hüseyn Cavid və Cavidlər irsinin təbliğində uğurlu fəaliyyətindən danışıblar. Vurğulanıb ki, ali məktəb tələbələrinin və ədəbiyyatsevər gənclərin Cavid yaradıcılığında parlaq ifadəsini tapmış milli və ümumbəşəri dəyərlərin təbliği işinə daha çox cəlb edilməsinə ehtiyac var.