ELM VƏ TƏHSİL


Gənc alimlərin yay düşərgəsi başa çatıb

Bakı, 11 avqust, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində gənc alimlərin yay düşərgəsi başa çatıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, düşərgədə 5 günlük proqrama əsasən AMEA-nın, həmçinin müxtəlif nazirliklərin elmi müəssisə və təşkilatlarında çalışan gənc alimlər üçün təlimlər, seminarlar, intellektual-əyləncəli oyunlar, idman yarışları və müsabiqələr təşkil edilib.

Tədbirin təşkilində əsas məqsəd dünyada və Azərbaycanda fundamental elmin, akademik tələblərin, milli ənənələrin inkişafını gücləndirmək, gənclərin multidisiplinar inteqrasiyasını təmin etmək, fərdi, institusional və intellektual inkişafına təkan vermək, elmin tədqiqat, innovasiya, müasir mühəndislik və təhsildə rolunu müəyyənləşdirməklə əylənərək öyrənmək olub.

Yay düşərgəsində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, Təhsil Nazirliyinin qrant layihələri üzrə təlimçisi Vəfa Vəliyeva, Təhsil Nazirliyi Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin baş mütəxəssisi Fərid Seyfullayev, Yüksək Texnologiyalar Parkının baş direktorunun müşaviri Müşviq Rəsulzadə, eləcə də AMEA-nın alim və mütəxəssislərinin praktik təlim və seminarları gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Proqrama uyğun olaraq gənc alimlərin yay düşərgəsinin iştirakçıları AMEA Lənkəran Regional Elmi Mərkəzinə baş çəkərək, burada yetişdirilən müxtəlif çay növləri, sitrus bitkiləri, zəngin meşə genefondu ilə tanış olub, professor Fərman Quliyevin mühazirəsini dinləyiblər.

Düşərgənin sonuncu günü 44 günlük Vətən müharibəsi şəhidi, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Mahsun Bağırzadənin atası Zahir Bağırovun gənclərlə görüşü təşkil edilib. Sonra gənclər Şəhidlər xiyabanını ziyarət ediblər.

Gənclər, həmçinin Lənkəran rayonunun əsrarəngiz gözəlliyindən zövq almaq məqsədilə Xanbulan kəndində olublar.

Yay düşərgəsinin bağlanış mərasimində düşərgə müddətində gənclər arasında təşkil olunmuş müxtəlif intellektual-əyləncəli oyunlar və idman yarışları üzrə qaliblərə sertifikat və müxtəlif hədiyyələr təqdim edilib.

Sonda iştirakçılar çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıb, düşərgəni yüksək səviyyədə təşkil etdikləri üçün Gənclər və İdman Nazirliyinə və AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təşəkkürlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.