REGİONLAR


Gənc bioloqların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib

Xırdalan, 6 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

İyunun 6-da Bakı Mühəndislik Universitetində (BMU) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

Əvvəlcə komanda üzvləri və onların rəhbərləri universitetin geniş auditoriyası, elmi-tədqiqat laboratoriyalarındakı müasir texniki aparat və cihazları ilə tanış olublar.

Daha sonra komandalar ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq iki akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni və 1 təcrübə işini yerinə yetiriblər.

AZƏRTAC xəbər verir ki, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov müsabiqənin final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. O, belə müsabiqələrin şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlimdə motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə, müəllimə və gənc nəslə olan diqqət və qayğısından danışan rektor Təhsil Nazirliyi tərəfindən təşkil olunan olimpiadaların artıq ənənə halını aldığını qeyd edib. Bildirilib ki, orta məktəb şagirdləri arasında keçirilən olimpiadaların universitetdə təşkil olunması hər iki tərəf üçün əhəmiyyətlidir. Rektor tədbir iştirakçılarına BMU haqqında da ətraflı məlumat verib.

Daha sonra çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov BMU-nun rəhbərliyinə və kollektivinə müsabiqə çərçivəsində yaradılan şəraitə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, müsabiqənin məktəblilərin biologiya elminə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə IX, X və XI sinif şagirdləri arasında təşkil edilib. O, müsabiqənin final mərhələsində təcrübə işinin yerinə yetirilməsinin məktəblilərin tədqiqat işlərinə marağının artırılması və ali təhsil müəssisələrinin təcrübə imkanlarından şagirdlərin istifadə etməsinə şərait yaradılmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Müsabiqənin final mərhələsində Nizami rayonu üzrə 229, Pirallahı rayonu üzrə 186, Qaradağ rayonu üzrə 288, Yasamal rayonu üzrə 158, Nəsimi rayonu üzrə 164, Nərimanov rayonu üzrə 57, Sabunçu rayonu üzrə 259, Binəqədi rayonu üzrə 99, Xəzər rayonu üzrə 241, Suraxanı rayonu üzrə 285, Səbail rayonu üzrə 236 nömrəli tam orta məktəblərin komandaları, Xətai rayonu üzrə isə eyni bal topladıqlarına görə 165 nömrəli tam orta məktəbin və 287 nömrəli “Zəkalar” liseyinin komandaları iştirak ediblər.

Sonda 13 komandanın tərkibindəki 39 şagirdə finala vəsiqə qazandıqları üçün BŞTİ və BMU tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin final mərhələsində doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi isə 5 balla qiymətləndiriləcək. Ekspert qrupları tərəfindən müsabiqənin nəticələri təhlil ediləcək, qalib komandalara BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.