ELM VƏ TƏHSİL
Gənc dizaynerin ilk fərdi sərgisi
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda memarlıq fakültəsinin 2-ci kurs tələbəsi Günay Nəbiyevanın fərdi yaradıcılıq sərgisi açılıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, sərginin açılışında universitetin fakültə dekanları, professor-müəllim heyəti, tələbələr və gənc dizaynerin ailə üzvləri iştirak ediblər.
Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və tədris işləri üzrə prorektorun köməkçisi Şəfi Danyalov gənc dizayneri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Günay Nəbiyevanın babası Lütvi Paşayev tələbələr üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə, nəvəsinin ilk fərdi sərgisinin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Çıxışlardan sonra sənətsevərlər gənc rəssamın əl işləri ilə tanış olublar.
Sərgidə Günayın boyakarlıq, qrafika və başqa texnikalarda işlənmiş 50-yə yaxın əsəri nümayiş olunub. Əsərlərin böyük əksəriyyətini kətan üzərində yağlı boya ilə işlənmiş təbiət mənzərəli rəsmlər təşkil edir. Ustalıqla çəkilmiş, müxtəlif fəsillərə aid təbiət mənzərələri sərgi iştirakçıları tərəfindən bəyənilib. Əl işləri arasında natürmort, dizayn işləri də yer alıb.
Sərgi dekabrın 1-dək davam edəcək.