ELM VƏ TƏHSİL
Gənc elmi işçi Azərbaycanın zəngin florası ilə virtual tanışlığı asanlaşdıran yeniliyə imza atıb
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun gənc elmi işçisi Tural Cavadzadə botanika sahəsi üzrə çalışan tədqiqatçıların ədəbiyyat məlumatlarına çıxışını, ölkəmizin zəngin florası ilə virtual tanışılığı asanlaşdıran yeniliyə imza atıb.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasından AZƏRTAC-a verilən məlumata gorə o, Azərbaycan Bitkiləri Məlumat Mərkəzinin (AZBİMM) sayt (http://azbimm.az) və “Facebook” səhifəsini (https://www.facebook.com/azbimm/) yaradıb. Mütəxəssislər Azərbaycanda rast gəlinən bütün bitki növləri haqqında məlumatı bu elektron mənbələrə daxil olmaqla asanlıqla əldə edə biləcəklər. AZBİMM “Flora Azərbaycan” çoxcildliyindən sonra ən əhatəli bitki layihəsi hesab olunur.
Saytla tanışlıqdan məlum olur ki, AZBİMM-in əsas məqsədlərindən biri əsas bitki qrupları adı altında mamırlar (Bryophytes), qıjılar (Pteridophytes), çılpaqtoxumlular (Gymnosperms) və örtülütoxumlular (Angiosperms) haqqında dəqiq, dolğun və müasir məlumat verməkdir.
AZBİMM-də hazırda qəbul edilən bitki adları ilə yanaşı, sinonim olan bitki adları da verilməkdədir.