REGİONLAR
Gənc əsgərlər Vətənə sədaqət andı içiblər
Ağcabədi, 12 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü və gənc əsgərlərin Vətənə sədaqət andı içməsinə həsr olunan mərasim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbi hissə komandanlığının, Qarabağ müharibəsi veteranlarının və valideynlərin iştirakı ilə keçirilən mərasimin əvvəlində təntənəli marşın sədaları altında hərbi hissənin döyüş bayrağı meydana gətirilib. Sonra Azərbaycan Respublikasının dövlət himni oxunub, gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun gənc əsgərlərə ünvanladığı təbrik məktubu oxunub. Yuxarı komandanlığın nümayəndələri çıxışlarında gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara nümunəvi və nizam-intizamla xidmət etməyi, silah və texnikanın sirlərinə dərindən yiyələnərək döyüş qabiliyyətlərini daim artırmağı, komandir-rəis heyətinin əmr və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirməyi, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər.
Çıxış edən valideynlər gündən günə qüdrətlənən Azərbaycan Ordusu ilə fəxr etdiklərini bildirib, Vətənə, dövlətə sədaqət andı içərək torpaqlarımızı şərəflə qorumaq məsuliyyətini üzərlərinə götürən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.
Sonra bədii kompozisiya nümayiş olunub, gənc əsgərlər təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.
Mərasim başa çatdıqdan sonra əsgərlərin valideynləri ilə görüşləri təşkil edilib. Hərbi hissədə yaradılan şəraitlə tanış olan valideynlər şəxsi heyətin yataq yerləri, hamam-camaşırxana kompleksinə və əsgər yeməkxanasına baş çəkiblər.
Valideyn Firəngiz Xəlilova təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Bu gün övladım Vətənə sədaqət andı içdi. Fəxr edirəm ki, övladım Vətənə xidmət edir. Biz burada əsgərlərin xidmət və məişət şəraiti ilə də yaxından tanış olduq. Hər şey yüksək səviyyədədir. Ordumuza göstərilən yüksək qayğıya, hərbçilərimiz üçün yaradılan mükəmməl şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Salyan rayonundan gəlmiş Sərvinaz Həsənovanın sevincinin həddi-hüdudu yox idi. Nəvəsinin Vətənə xidmət etməsindən qürur duyduğunu bildirən nənə deyib: “Azərbaycanın güclü ordusu var. Nəvəm də bu orduda xidmət edir. Nəvəmə, həmçinin bütün əsgərlərə Vətənə şərəflə xidmət etməyi, Azərbaycan Ordusuna düşmən üzərində qələbə qazanmağı arzulayıram”.
Əsgər valideynləri arasında tanınmış müğənni Roza Zərgərli də var idi. O, fikirlərini belə ifadə edib: “Bu gün biz valideynlər üçün unudulmaz gündür. Biz fəxr edirik ki, övladımız Vətənimizə, dövlətimizə, xalqımıza xidmət edir. Hərbi hissədə əsgər və zabitlərin xidməti üçün gözəl şərait yaradılıb. Bütün əsgərlərimizə hərbi xidməti layiqincə yerinə yetirməyi və sağ-salamat evə qayıtmağı arzu edirəm”.