REGİONLAR
Gənc əsgərlər Vətənə sədaqət andı içiblər VİDEO
Füzuli, 25 may, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz sərhəd dəstəsində gənc əsgərlərin Vətənə sədaqət andı içməsinə həsr olunan mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin və əsgər valideynlərinin iştirakı ilə keçirilən mərasimin əvvəlində təntənəli marşın sədaları altında meydana hərbi hissənin Döyüş Bayrağı gətirilib. Sonra dövlət himni oxunub, gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Mərasimdə DSX rəisinin gənc əsgərlərə ünvanladığı təbrik teleqramının mətni oxunub.
Çıxış edənlər gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətində davamlı inkişafa nail olunduğu diqqətə çatdırılıb.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurlardan danışan natiqlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə uğurlar arzulayıb, sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin təntənəli marşla keçidi ilə başa çatıb.