REGİONLAR
Gənc əsgərlər ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərinə yola salınıblar VİDEO
Naxçıvan, 22 dekabr, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilmiş gənc əsgərlər ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərinə yola salınıblar.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yolasalma mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mübariz Rzayev bildirib ki, ixtisas hazırlığı müddətində nəzəri və praktiki məşğələlər keçirilib. Əsgərlər burada qazanılan bilik və bacarıqları növbəti xidmət yerlərində uğurla tətbiq edərək əsl döyüşçü kimi formalaşmağa, silah və texnikalardan düzgün istifadə etməyə nail olacaqlar.
Əsgərlər adından çıxış edən İsi Əliyev Azərbaycan Ordusunda xidmət etdiyinə görə qürur duyduğunu bildirib və bundan sonra da hərbi biliklərini təkmilləşdirəcəklərinə söz verib.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.
Təbrik oxunduqdan sonra bölmələrin hərbi marşların sədaları altında təntənəli keçidi olub.