İQTİSADİYYAT
Gənc fəhlələr “Azəriqaz”da istehsalat təcrübəsinə cəlb ediliblər
Bakı, 4 avqust, AZƏRTAC
“Azəriqaz” İB-nin sifarişi ilə SOCAR TTSİ-nin Təlim mərkəzlərində “Peşəkar fəhlə kadrlarının hazırlanması” proqramı çərçivəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə təhsil alan gənc fəhlələrin istehsalat təcrübəsinə start verilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, elan edilən müsabiqəni müvəffəqiyyətlə keçən gənclər 2,5 aylıq nəzəri tədrisi başa vurduqdan sonra Birliyin strukturuna daxil olan qurumlarda təhsil aldıqları peşə üzrə təcrübəyə cəlb ediliblər. Təcrübə yerinin müəyyənləşdirilməsi zamanı Birliyin İnsan Resursları Departamenti gənclərin həm yaşayış yerini, həm də gələcəkdə işləyəcəyi xidmət sahəsini xüsusi nəzarətdə saxlayıb.
Xatırladaq ki, 3,5 ay müddətində praktiki hissəni də uğurla başa vurduqdan sonra şagirdlər yekun attestasiyadan sonra Kadr Ehtiyatı Bazasına daxil ediləcək və vakant yer yarandıqca təhsil aldıqları peşə üzrə daimi işlə təmin olunacaqlar.