CƏMİYYƏT
“Gənc fermer” ümumrespublika biznes oyunu layihəsinə start verilir
Bakı, 7 iyul, AZƏRTAC
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə “Gənc fermer” ümumrespublika biznes oyunu layihəsinə start verilir.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, layihənin məqsədi gənclərin aqrar biznes sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
İştirakçılar üçün layihələrin yazılması, aqrar təsərrüfat sahələri üzrə təlimlər və səfərlər təşkil olunacaq.
Layihənin rayondaxili və final olmaqla, 2 mərhələdə təşkili nəzərdə tutulub.
Birinci mərhələdə münsiflər heyətinin qiymətləndirməsinə əsasən, hər rayon üzrə bir qalib komanda rayonlararası yarışa vəsiqə qazanacaq. 2022-ci ilin “Gənclər paytaxtı” olan Tovuzda keçiriləcək final mərhələsində isə oyunun qalibləri müəyyənləşəcək.
İlk 3 yerin sahibi mükafatlandırılacaq, müxtəlif qurumlarda peşəkar təcrübə imkanı qazanacaqlar.