ELM VƏ TƏHSİL


Gənc fiziklər final mərhələsində

Bakı, 16 may, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Bakı Mühəndislik Universitetində (BMU) keçirilən tədbirdə əvvəlcə iştirakçılar ali məktəbin auditoriyaları, elmi-tədqiqat laboratoriyalarındakı müasir texniki aparat və cihazlarla tanış olub, universitetin fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumatlar əldə ediblər.

Daha sonra 13 komanda ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni və 1 təcrübə işini yerinə yetiriblər.

Müsabiqənin final mərhələsi ilə bağlı təşkil olunmuş tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan BMU-nun rektoru Havar Məmmədov final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib, belə müsabiqələrin şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlimdə motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib.

BŞTİ-nin müdiri Rəşad Tağıyev BMU-nun rəhbərliyinə və kollektivinə müsabiqənin final mərhələsinin keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. İdarə müdiri Təhsil Nazirliyi, eləcə də BŞTİ tərəfindən müsabiqə və bilik yarışlarının təşkilinə xüsusi diqqət yetirildiyini söyləyib.

Rəşad Tağıyev sürətlə inkişaf edən dünyanı texnologiyasız təsəvvür etməyin mümkün olmadığını, istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılmasının vacibliyini qeyd edib.

BŞTİ-nin müdiri müsabiqənin məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə IX, X və XI sinif şagirdləri arasında təşkil edildiyini deyib. Qeyd edib ki, müsabiqənin final mərhələsində təcrübə işinin yerinə yetirilməsi məktəblilərin tədqiqat işlərinə marağının artırılması və ali təhsil müəssisələrinin tədqiqat imkanlarından şagirdlərin istifadə etməsinə şərait yaradılmasında böyük əhəmiyyətə malikdir.

Müsabiqənin final mərhələsində Suraxanı rayonu üzrə 85, Xəzər rayonu üzrə 136, Sabunçu rayonu üzrə 96, Pirallahı rayonu üzrə 243, Səbail rayonu üzrə 236, Nizami rayonu üzrə 312, Yasamal rayonu üzrə 158, Nəsimi rayonu üzrə 240, Xətai rayonu üzrə 24, Binəqədi rayonu üzrə 83 və 313 nömrəli tam orta məktəblər, Qaradağ rayonu üzrə 166 nömrəli məktəb-lisey, Nərimanov rayonu üzrə 291 nömrəli “Ekologiya” liseyinin komandaları iştirak etmək hüququ qazanıblar.

Daha sonra 13 komandanın tərkibindəki finala vəsiqə qazanmış 39 şagirdə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin final mərhələsində doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi isə 5 balla qiymətləndiriləcək. Ekspert qrupu tərəfindən müsabiqənin nəticələri təhlil ediləcək, qalib komandalara BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.