SİYASƏT


Gənc həmvətənimiz Berlində uğur qazanmışdır

Berlin, 6 yanvar (AZƏRTAC). Almaniya paytaxtında məktəblilər arasında ilk dəfə “Berlində Lomonosov günləri” Beynəlxalq müsabiqəsi keçirilmişdir. Böyük rus alimi M.N.Lomonosovun anadan olmasının 300 illiyi münasibətilə Berlindəki rusdilli valideyn və müəllimlərin “MİTRA” cəmiyyəti tərəfindən keçirilən təntənəli tədbirlər çərçivəsində təşkil edilmiş müsabiqənin final mərhələsində Almaniya, Rusiya, Azərbaycan, Latviya, Qazaxıstan və Qırğızıstan məktəbliləri iştirak etmişdir. Azərbaycan komandası Bakıdakı Məmməd Rahim adına 7 nömrəli məktəbin şagirdləri ilə təmsil olunmuşdu.

Bakılı məktəblilər üçün bu müsabiqə beynəlxalq arenada ilk təcrübə idi. Təəssüf ki, məktəblilərimiz bu nüfuzlu yarışlarda mükafata layiq yer tuta bilməmişlər. Lakin münsiflər heyəti azərbaycanlı balaca tədqiqatçıların ideyalarının orijinallığını qeyd edərək onları “Rus matryoşkasının tarixi” adlı layihə işində “Mövzunun orijinallığına görə” nominasiyasında fəxri fərmanla təltif etmişdir. Bakılı məktəblilər “Əsas məsələ qələbə qazanmaq yox, iştirak etməkdir” prinsipini rəhbər tutaraq Berlini xoş əhval-ruhiyyə ilə tərk etmiş, hətta medal almasalar da özlərini qalib kimi hiss etmişlər. Axı onlar burada özlərinə yeni dostlar tapmış, çoxlu maraqlı şeylər görmüş, bir sıra faydalı biliklər əldə etmişlər. Məgər bu, qələbə deyilmi?

Bununla belə, müsabiqənin qalibləri arasında azərbaycanlı məktəbli də olmuşdur: hazırda Almaniyada yaşayan gənc həmyerlimiz doğma Vətənimizi məşhurlaşdırmışdır. Bu, Berlindəki Lomonosov adına məktəbin komandasının üzvü, beşinci sinif şagirdi Murad Səttarovdur. Məktəb komandasının kapitanı olan Murad öz komandasının uğurlu çıxışına sanballı töhfə vermiş, nəticədə bilicilərin “Hər şeyi bilmək istəyirəm!” intellektual müsabiqəsində bu komanda üçüncü yeri tutmuşdur. “Almanlar M.Lomonosov haqqında nə bilirlər?” mövzusunda apardıqları sosioloji araşdırmanın nəticələrini münsiflər heyətinin mühakiməsinə təqdim etmiş Murad və onun sinif yoldaşları “Tədqiqat işi” nominasiyasında ikinci yeri tutmuşlar.

Murad məktəblilər arasında müxtəlif beynəlxalq müsabiqə və olimpiadaların təcrübəli iştirakçısıdır. 2011-ci ilin baharında o, məktəblilərin Moskvada keçirilən Beynəlxalq “İntellekt” olimpiadasının finalında “Polad məntiq” nominasiyasında fəxri fərmanla təltif olunmuşdur.

Qeyd edək ki, gənc həmvətənimiz müsabiqə iştirakçılarına M.Lomonosovun üslubunda yazdığı təntənəli oda həsr etmişdir.

Vüqar Seyidov

AZƏRTAC xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.