ELM VƏ TƏHSİL
“Gənc istedadlar” liseyində “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda konfrans
Bakı, 11 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Heydər Əliyev muzeyinin və BDU könüllülərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə liseyin direktoru Arif Bağırov Ümummilli Liderin dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında misilsiz xidmətlərindən bəhs edib. O, dahi liderin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Bildirib ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər təhsil və elm sahəsinin daim hamisi olub, Azərbaycan gənclərinin bilikli, dünyagörüşlü və vətənpərvər olmasına çalışıb.
Heydər Əliyev muzeyinin mütəxəssisi Afət Seyidzadə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda məruzə edib. Məruzədə Ümummilli Liderin milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin inkişafına yönəlmiş fəaliyyəti barədə məlumat verilib. Həm sovet dönəmində, həm də müstəqil Azərbaycanın rəhbəri olarkən onun təhsil və mədəniyyətimizin prioritet sahə kimi inkişafı, ana dilimizin mühafizəsi istiqamətindəki fəaliyyətindən geniş söhbət açılıb.
Məruzədə Ulu Öndərin dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını böyük uğurla həyata keçirməsi xüsusi qeyd olunub.