ELM VƏ TƏHSİL
“Gənc jurnalistlər” klubu tələbələr üçün yeni imkanlar açacaq
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin birgə “Gənc jurnalistlər” klubunun təsis yığıncağı keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, bu qurumun icraçı direktoru Oqtay Səmədov maarifçilik sahəsində görülən işlərdən, fondun nəzdində fəaliyyət göstərən digər klubların işlərindən danışıb.
İcraçı direktor yeni klubun fəaliyyətini əks etdirən Əsasnamə ilə iştirakçıları tanış edib. Bununla bağlı fikir mübadiləsi aparılıb, tələbələrin təklifləri qeydə alınıb. Eyni zamanda, klubun strukturu, iş planı, tədbirlərin forma və məzmunu, tərkibi müzakirə edilib.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, “Gənc jurnalistlər” klubunun təsis edilməsi fakültə tələbələri üçün yeni imkanlar açacaq. Qeyd edilib ki, gənclərin bilik və bacarıqlarının artırılması, xalqımızın milli mənəvi dəyərlərinin qorunması və təbliği, yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist kadrların hazırlanması, jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlər, ictimai xadimlər və yazarlarla görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi klubun əsas fəaliyyət istiqamətləridir.
Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova “Gənc jurnalistlər” klubunun fəaliyyət planı barədə məlumat verib, fondun ölkə ərazisində bütün sahələrdə geniş maarifləndirmə işləri həyata keçirdiyini söyləyib.
Fondun mətbuat katibi Ceyhun Musaoğlu və aparıcı məsləhətçi Ramilə Qurbanlı yeni yaradılan “Gənc jurnalistlər” klubunun Bilik Fondunun maarifçilik missiyasına öz töhfəsini verəcəyinə, gənclərin buradakı fəaliyyətinin Azərbaycan jurnalistikasının inkişafına təkan göstərəcəyinə əminliklərini bildiriblər.