CƏMİYYƏT
Gənc jurnalistlərin 1-ci futbol çempionatı keçirilir
Bakı, 29 sentyabr, AZƏRTAC
Nərimanov rayonunda fəaliyyət göstərən Məktəb-Lisey Kompleksin futbol meydançasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Hacıbəy Heydərlinin “Gənc jurnalistlərin 1-ci Futbol Çempionatı layihəsi”nin açılış mərasimi keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, çempionatın keçirilməsində məqsəd gənclərin asudə vaxtını səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hərtərəfli formalaşdırmaqdır.
Açılış mərasimində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və bir sıra KİV-lərin nümayəndələri, tanınmış jurnalistlər, rayonun fəal gəncləri iştirak ediblər.
Çıxışlarda Azərbaycanın müstəqilliyini bərpa etməsindən və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, idman sahəsində də sürətli inkişafın baş verməsindən, gənclərimizin vətənpərvərlik ruhunda və sağlam böyüməsi üçün hər bir şəraitin yaradılmasından danışılıb.
Qeyd edilib ki, Ulu Öndərin əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində idmanın maddi-texniki bazası getdikcə gücləndirilir, müasir standartlara cavab verən olimpiya idman kompleksləri, stadionlar və digər idman qurğuları inşa edilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada özünü idman ölkəsi kimi artıq təsdiq etmişdir. Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər.
Açılış mərasimindən sonra rəsmi qonaqlar stadionun qapısına açılış topu vurublar.
Səkkiz komandanın iştirak etdiyi çempionat oktyabrın 4-dək davam edəcək.