MƏDƏNİYYƏT
Gənc kulinarlara keçilən ustad dərslərinin nəticələri açıqlanıb
Bakı, 18 noyabr, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC
Noyabrın 18-də “Xanədan” etno-restoranında gənc kadrların hazırlanması məqsədilə təşkil olunmuş 10 günlük “ustad dərsləri”nin nəticələri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Bakı Peşə liseylərində Ümumdünya Kulinariya Təşkilatının təhsil komitəsinin işinin tələblərinə uyğun gənc kadrların hazırlanması məqsədilə keçirilən ustad dərslərinin nəticələrini açıqlayıb.
Bildirib ki, dərslər rəhbərlik etdiyi qurumun təşəbbüsü, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı ilə keçirilib. Dərslərdə Bakı Turizm Peşə Məktəbinin və 5, 12, 18 nömrəli peşə liseylərinin bir çox istedadlı gəncləri fərqləniblər. Dərslər zamanı “Azərsun Holding”, “ Qoç ət” və “Qəbələ quşçuluq” fabrikinin məhsullarından istifadə olunub.
Gənc aşpazlara 8 usta texnoloq və 25 usta aşpaz məsləhət və tövsiyələri veriblər.
Bakı Turizm Peşə Məktəbinin direktoru Nilufər Kərimova belə tədbirlərin gənclərin püxtələşməsində böyük əhəmiyyət kəsb etdiyini söyləyib, AMKA-nın rəhbərliyinə, ustalarına və sponsorlara təşəkkürünü bildirib.
Mərasimdə 10 gün müddətinə keçirilən ustad dərsləri və hazırlanan yeməklərin videogörüntüsü nümayiş olunub.
Sonda qaliblərə, sponsorlara və KİV nümayəndələrinə diplomlar təqdim olunub.
Mükafat alanlar sırasında AZƏRTAC-ın əməkdaşı da var.