SİYASƏT


Gənc liderlər qlobal problemləri müzakirə ediblər

Bakı, 23 avqust, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 23-də işini davam etdirib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Üçtərəfli Komissiyanın Avropa üzrə sabiq direktoru Paul Revayın moderatorluğu ilə gənc liderlərdən ibarət məşvərət qrupları təşkil olunub. 4-8 nəfərdən ibarət məşvərət qrupları müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin Finlandiyanın sabiq Prezidentinin baş məsləhətçisi Aira Kalela “İqlim dəyişikliyi ilə mübarizə, beynəlxalq əməkdaşlığın ən böyük problemi” mövzusunda təqdimatla çıxış edib.

Aira Kalela bildirib ki, iqlim dəyişikliyi təkcə ətraf mühiti korlamır. Həm də iqtisadiyyata, sənayeyə təsir göstərir. O, iqlim dəyişikliyinin müxtəlif ölkələrdə müxtəlif cür büruzə verdiyini deyib. İqlim dəyişikliyinin ən çox Afrikaya təsir göstərdiyini, bölgədəki ərzaq, su çatışmazlığının bunun nəticəsi olduğunu diqqətə çatdırıb. Həmçinin qlobal istiləşmənin qarşısının alınmasında Kioto protokolu və onun əhəmiyyətindən bəhs edib.

Daha sonra gənc liderlər iqlim dəyişikliyinə təsir göstərən problemlərin həlli ilə bağlı təkliflər irəli sürüblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin ətraf mühitin mühafizəsi, dövlət idarəçiliyi, insan resursları, iqlim dəyişikliyi ilə bağlı gənc liderlərin suallarını cavablandırıb.

Məşvərət qruplarında müzakirələr günün ikinci yarısında da davam edib. Şvarzman Kollecinin icraçı direktoru David Panın moderatorluğu ilə keçirilən müzakirələrdə gənclər Çinin dünyada artan rolu haqqında fikri mübadiləsi aparıblar. David Pan bildirib ki, əvvəlki illərlə müqayisədə Çinin iqtisadiyyatı əhəmiyyətli dərəcədə güclənib, adambaşına düşən ümumi daxili məhsul son illərdə daha da artıb. Son dövrlərdə texnologiya sahəsində baş verən yenilikləri xüsusilə vurğulayan David Pan Çinin bu sahədə böyük pay sahibi olduğunu diqqətə çatdırıb. Gənc liderlər Çində investisiyanın daha çox yatırıldığı sahələr, Çinin müasir dövrdə yürütdüyü iqtisadi siyasət, Çin diasporunun müasir durumu, əlaqələri ilə bağlı məsələləri də müzakirə ediblər.

Müzakirələrdən sonra iştirakçılar bir-biriləri ilə təcrübə və fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.