CƏMİYYƏT


“Gənc mina təlimçiləri” adlı yay düşərgəsinə start verilib

Bakı, 2 iyul, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” proqram çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə iyulun 1-5-də təşkil olunan “Gənc mina təlimçiləri” adlı yay düşərgəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, düşərgənin əsas məqsədi yeni azad edilmiş ərazilərdə uşaq və gənclər arasında mina təhlükəsini minimuma endirmək, minalara qarşı maarifləndirmə fəaliyyətlərində interaktiv yanaşmadan istifadə edərək prosesi daha da səmərəli etmək, iştirakçılara yaradıcı istedad və bacarıqlarını kəşf etmək imkanı vermək və yay mövsümündə asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaratmaqdan ibarətdir.

Qeyd edək ki, proqram çərçivəsində ötən ilin noyabrından etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən və Bərdədə fəaliyyət göstərən 90-a yaxın ümumtəhsil müəssisəsinin 12-17 yaş qrupundan olan iki minə yaxın məktəbliləri üçün onlayn platformalar vasitəsilə mina təhlükəsizliyi bacarıqları üzrə təlimlər, həftəlik vebinarlar və maarifləndirmə dərsləri keçirilib. Düşərgədə iştirak edən 70 fəal lider təlimlərin yekununda aparılan onlayn qiymətləndirmədə yüksək nəticə göstərənlər arasından seçilib.

Yay düşərgəsinin açılış mərasimində UNICEF-in Azərbaycandakı nümayəndəliyinin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəssisi Bəxtiyar Səlimov, ANAMA-nın Maarifləndirmə işləri şöbəsinin baş mütəxəssisi Ceyhun Quliyev, Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Sevinc Qasımova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxış ediblər. Onlar çıxışlarında uşaq və gənclərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi ilə əlaqədar müxtəlif layihələrdə fəal iştirakından məmnun qaldıqlarını bildiriblər. Belə layihələrin onların bu sahə üzrə bilik və bacarıqlarını artırmaqda faydalı olduğunu düşərgə iştirakçılarının diqqətinə çatdırıblar. Açılış mərasimindən sonra ANAMA-nın ekspertləri tərəfindən mina təhlükəsizliyi qaydaları mövzusunda təlim keçirilib.

Beş günlük yay düşərgəsi müddətində ANAMA və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertlərinin və təlimçilərinin mina təhlükəsizliyi qaydaları, liderlik bacarıqları, ilk tibbi yardım, səmti müəyyənetmə mövzularında çıxışları, həmçinin interaktiv və maarifləndirici proqramların keçirilməsi planlaşdırılır. Eyni zamanda, proqram çərçivəsində iştirakçıların “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzi, “Suraxanı” gəmi-muzeyi, Tusi-Bohm Palanetariuma səfərləri nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.