ELM VƏ TƏHSİL


Gənc müəllim: Altı ay sistemli oxumaq MİQ imtahanlarında istədiyiniz nəticəni əldə etmək üçün kifayətdir VİDEO

Bakı, 28 sentyabr, Xəyalə Cəfərova, AZƏRTAC

11 mart 1995-ci ildə Salyan rayonunda dünyaya göz açmışam. Elə doğma rayonumda 4 nömrəli tam orta məktəbdə təhsil alarkən canlılar aləminə olan sevgi və marağımı biologiya fənnində tapdım.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gənc müəllim Natiqə İbrahimova söyləyib. O, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsindən yüksək bal toplayanlardan biridir.

Məktəbi müvəffəqiyyətlə başa vuran Natiqə ali təhsilini biologiya istiqamətində alıb: “2012-2016-cı illərdə Bakı Dövlət Universitetində biologiya müəllimi ixtisasına yiyələndim. Müxtəlif illərdə özəl kurslarda bu fənn üzrə abituriyent hazırlığı ilə məşğul oldum. 2018-ci ildə “ASAN xidmət”də könüllü olaraq fəaliyyət göstərdim”.

N.İbrarimovanın məktəbə, şagirdlərə olan sevgisi onu Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə hazırladığı “Məktəblinin dostu” pilot layihəsinə qoşulmağa yönəldib: “Üç ilə yaxın paytaxtın müxtəlif məktəblərində şagirdlərlə dost oldum. Həmin müddətdə Yasamal rayon 286 nömrəli tam orta məktəbdə, 167 nömrəli tam orta məktəbdə, Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə, Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbdə işlədim. Pilot layihədə iştirak edərkən mənim üçün ən yaxşı işin şagirdlərə elm öyrətmək olduğunu anladım...”.

2022-ci ildə MİQ imtahanında öz fənni üzrə 40 sualdan 37-ni düzgün cavablandıran gənc müəllim altı ay sistemli oxumaqla istədiyi nəticəni əldə etdiyini söyləyib: “Altı ay dərs kitablarından istifadə etməklə imtahana hazırlaşdım. Bu müddətin iki ayını isə kurikulumla tanış oldum. Müsahibə mərhələsini də uğurla başa vurduqdan sonra 311 nömrəli tam orta məktəbdə işə başladım”.

Gənc müəllim MİQ imtahanı verəcək namizədlərə öz məsləhətini də verib: “Motivasiya məqsədilə onu deyə bilərəm ki, hər gün sistemli formada çalışmaq lazımdır. Hər bir müəllimə oxuyan şagirdlər, hər bir şagirdə isə savadlı müəllim arzu edirəm. Məqsədim fəaliyyətimi təhsil sahəsində davam etdirərək yüksək zirvələrə ucalmaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.