Gənc müəllim: Ən böyük arzum Şuşa və Kəlbəcər məktəblərində dərs deməkdir VİDEO
AzerTAg.az
Quba, 22 dekabr, Elxan Yusifli, AZƏRTAC
Ən böyük arzum Şuşanın, Kəlbəcərin məktəblərində dərs deməkdir. Qəhrəman oğullarımız Vətən müharibəsində canları bahasına torpaqlarımızı işğaldan azad etdi. İstəyirəm ki, həmin rayonların dirçəlməsində mən də iştirak edim.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Quba rayonu Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəbinin müəllimi deyib. “Pedaqoji fəaliyyətə bu il başlamışam. Müəllimliyi ona görə seçmişəm ki, uşaqlara bilik, ən əsası tariximizi öyrədim. Həftənin dörd günü dərsim var. Burada kirayə evdə qalıram. Dağlıq ərazidir deyə soyuqdur. Amma şagirdlərimin sevgisi qəlbimi isidir. Onlara elm öyrətməkdən böyük zövq alıram. Başqa çətinliyim yoxdur. Həftəsonları adətən Bakıya qayıdıram. Boş vaxtlarımda kənddə gəzməyi, musiqiyə qulaq asmağı xoşlayıram. Bundan əlavə, uşaqlar yanıma gəlir. Bir yerdə ev tapşırıqlarını müzakirə edirik, onlara dərslərini daha yaxşı öyrənmələri üçün kömək edirəm”, - deyə gənc müəllim söyləyib.
Tural Salmanov Bakıdan gəlib Qubanın ucqar kəndlərində dərs deyən gənc müəllimlərdən biridir. Əslən Kəlbəcər rayonunun Qasımlar kəndindəndir. O, ata-baba yurdu Kəlbəcəri heç vaxt görməyib. Ailəsi Birinci Qarabağ müharibəsi dövründə köçkünlük həyatı yaşamağa məcbur qalıb. Salmanovlar ailəsi ilk illər Xaçmazda məskunlaşıblar. Tural da 1994-cü ildə bu rayonda anadan olub. Üç yaşı olanda ailəsi ilə birlikdə Abşeron rayonun Pirəkəşkül qəsəbəsindəki hərbi şəhərciyə köçüblər. Burada yerləşən məktəbdə orta təhsil alan Tural 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul olub. Hərbi xidməti dövründə şanlı Aprel döyüşlərinin iştirakçısı olub. Xidməti başa vurduqdan sonra bir neçə il özəl tədris kurslarında müəllimlik edib. Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazandıqdan sonra 2022-23-cü tədris ilinin əvvəlindən Yenikənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.







Xəbərin mətnində orfoqrafik səhv var