ELM VƏ TƏHSİL


Gənc mühəndislərin yay düşərgəsinə start verilib

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində Gənc mühəndislərin yay düşərgəsi start götürüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirin açılış mərasimində çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev mühəndislik sahəsində əldə olunan elmi nailiyyətlərin vacibliyindən danışıb, bəşəriyyətin gələcək mütərəqqi istiqamətlərinin mühəndislərsiz mümkün olmadığını söyləyib. O, düşərgə müddətində gənclər üçün “Mühəndislikdə nanotexnologiya”, “Yaşıl gələcək – bioplastik və bioyanacaqlar”, “İqlim dəyişiklikləri”, “Enerji sərfiyatı və istifadəsinin təşkili”, “Fossil və qeyri-fossil mənbələrə əsaslanan texnologiya”, “Sənaye-4.0” mövzularında təlim, mühazirə, seminar, debat və ustad dərslərinin keçiriləcəyini diqqətə çatdırıb.

“Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım” mövzusunda əyani-praktik təlim keçirilib. Gün ərzində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün “Theta healing” təlimi, meditasiya, intellektual-əyləncəli oyunlar keçirilib.

Düşərgənin ikinci günündə AMEA Elmi-Təşkilat İdarəsinin rəis müavini texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və həmin idarənin Elmi planlaşdırma və monitorinq şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarovun gənclərlə görüşü təşkil olunub.

Avqustun 23-dək davam edəcək yay düşərgəsinə ölkə üzrə müxtəlif regionlarda yerləşən elm və təhsil müəssisələrində çalışan gənc alim, mütəxəssis və mühəndislik ixtisası üzrə təhsil alan tələbələr cəlb olunublar.

Düşərgə müddətində gənclər üçün elmi öyrədici təlim və dərslərlə yanaşı, komandalar halında işlər, elmi-əyləncəli, intellektual oyunların, idman yarışlarının təşkili də nəzərdə tutulub.

Xatırladaq ki, bundan öncə də Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Lənkəranda Gənc alimlərin yay düşərgəsi və Mingəçevirdə Gənclərin innovasiya düşərgəsi təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.