CƏMİYYƏT


Gənc nəsil üçün Vətən uğrunda döyüşmək nümunəsi

Bakı, 21 iyun, AZƏRTAC

Müzəffər Azərbaycan Ordusunun baş giziri Məmmədov Ədalət Ramazan oğlu 1981-ci ildə Xaçmazda doğulub və orta təhsilini kənd məktəbində başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Əsgəri xidmətini başa vursa da, müddətdən artıq hərbçi kimi davam etdirib. Ədalət 2016-cı ildə “Aprel döyüşləri”ndə də iştirak edib.

AZƏRTAC xəbər verir ki, ötən ilin sentyabrında Vətənin müdafiəsinə qalxan gizir Ədalət Məmmədov Cəbrayıl uğrunda gedən döyüşlər zamanı başından qəlpə yarası alıb.

Hadisədən bir müddət sonra ümumiyyətlə, heç nə xatırlamayan müharibə qazisi indi bəzi təfərrüatları çətinliklə də olsa, yada salır. Özünün dediyinə görə, Cəbrayılda yaralandığını döyüş yoldaşlarından öyrənib: “Təəssüf ki, müharibədə baş verənləri, üzləşdiyim hadisələri heç cür xatırlaya bilmirəm. Yadıma düşənləri isə uzağı 1-2 saatdan sonra unuduram. Amma əvvəlki ilə müqayisədə, əlbəttə ki, daha yaxşıyam”.

Müharibədə göstərdiyi igidliyə görə 3 medalla təltif edilən Vətən müharibəsi qazisi ona göstərilən dövlət qayğısından razılığını ifadə edib. İki qız atası olan Ədalət Məmmədov bildirib ki, ailə müalicə xərclərindən başqa, bank borclarının ödənilməsi üçün də maddi yardım alıb: “Əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, daha sonra isə Türkiyədə əməliyyat olundum. Müalicə xərclərim “YAŞAT” Fondu tərəfindən ödənilib. Göstərilən diqqət və qayğı üçün fondun bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Özümü nisbətən yaxşı hiss etdiyim, səhhətimdəki irəliləyiş üçün çoxlu dualar edirəm. Həkimlərin dediyinə görə, yaddaşım müəyyən müddət keçdikdən sonra bərpa oluna bilər”.

Ədalət Məmmədov söhbətini belə yekunlaşdırıb: “Yaddaşımla əlaqədar məni ən çox təəssüfləndirən orta məktəb şagirdi olan qızlarımın dərslərinə kömək edə bilməməyimdir. Bir də hesab edirəm ki, canımı Vətənə fəda etməyim Nübar və Ləmanın məndən ala biləcəkləri elə ən böyük dərsdir”.

Əlbəttə, təkcə qızları üçün yox, bugünkü yeniyetmə və gənclər üçün Ədalətin keçdiyi həyat və döyüş yolu əsl örnək, əsl məktəbdir. Bizə isə bircə onun şəfa tapmağını arzulamaq qalır. Necə deyərlər, ümid sonda ölür…

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.