CƏMİYYƏT


Gənc nəslin beynəlxalq aləmdə ölkəni layiqincə təmsil etməsi hazırda dövlətin prioritet istiqamətlərindəndir

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin onlayn yay düşərgəsi çərçivəsində “Gəncliyin strateji vəzifələri” mövzusunda seminar keçirilib.

YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, videokonfransın moderatoru Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov dövlət gənclər siyasətinin əsas prinsip və prioritetləri barədə məlumat verib. Vurğulanıb ki, özündə yüksək intellektual potensialı birləşdirən partiyanın sıralarında gənclər böyük üstünlük təşkil edir və onun sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Hazırda YAP üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir. Partiya fəaliyyətində üzvlərinin rəy və təkliflərini daim nəzərə alır və demokratik idarəçilik prinsiplərini layiqincə tətbiq edir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır. Elə 2007-ci ildən təşkil olunan “Gənc liderlərin yay məktəbi” layihəsi partiyanın gənclərə dəstəyi və dövlət gənclər siyasətinə töhfəsidir.

Videokonfrans formatında keçən seminarda Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc gənclərə “Gəncliyin strateji vəzifələri” mövzusunda seminar keçib. Qeyd olunub ki, bu gün gənc nəslin müasir tələblərə uyğun inkişafı, onun intellektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq aləmdə ölkəni layiqincə təmsil etməsi dövlətin diqqət yetirdiyi prioritet sahələrdəndir. Sürətli tərəqqiyə can atan cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biri gənclərlə bağlı dəqiq və hərtərəfli düşünülmüş siyasətin həyata keçirilməsidir. Belə bir siyasətin mövcudluğu gəncliyin özünüifadəsi üçün geniş imkanlar yaradır, onun milli inkişaf prosesində aparıcı rol oynamasını şərtləndirir.

Bildirilib ki, qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gənc nəsli ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövrdə gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr qazanılıb. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, onların vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir.

Müzakirələr zamanı diqqətə çatdırılıb ki, indiyədək gənclər siyasətinə dair bir sıra proqramlar və qanunlar qəbul olunub. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yaradıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı, kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formalaşmasına töhfə verməklə çox geniş spektri əhatə edib.

Daha sonra onlayn düşərgədə iştirak edən gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, “Onlayn yay düşərgəsi” çərçivəsində təşkil olunan seminarlarda, müzakirələrdə gənclər biliklərini artırır, bir-biri ilə virtual ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.