REGİONLAR


Gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, milli ruhda yetişdirilməsi vacib amillərdəndir VİDEO

Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Xaçmaz, 28 avqust, Elxan Yusifli, AZƏRTAC

Hazırda Yaxın və Orta Şərqdə baş verən müharibələrin, qanlı toqquşmaların fonunda ölkəmizdə azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin, tolerantlıq siyasətinin daha da möhkəmləndirilməsi və bu mühitin qorunub saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Belə şəraitdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, milli ruhda yetişdirilməsi ən vacib amillərdəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 28-də Xaçmazda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfransda danışılıb.

Tədbirdə DQİDK-nın, Xaçmaz RİH-in, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, həmçinin yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının fəalları, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə geniş mühazirə ilə çıxış edib.

Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün respublikamızda dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.

Konfransda çıxış edən Xaçmaz RİH-in başçısı Şəmsəddin Xanbabayev son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Xaçmazda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində xeyli iş görüldüyünü qeyd edib. Bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli vəzifə düşür.

Regional konfransın ilk günü iştırakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Konfrans işini avqustun 29-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.