REGİONLAR
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir
Astara, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Kakalos kənd tam orta məktəbində keçirilən maarifləndirmə tədbirində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda müzakirələr aparılıb. Tədbir Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonunun Kakalos kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi, Kakalos kənd ərazi icra nümayəndəsi, kəndin dini icmasının sədri, müəllimlər və şagirdlər iştirak ediblər.
Toplantıda çıxış edən Kakalos kənd tam orta məktəbinin direktoru Şölə Əhmədova təhsil müəssisələrində bu mövzuda maarifləndirmə tədbirinin keçirilməsinin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına təkan verəcəyini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə çıxışında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu və dövlətin buna xüsusi diqqət yetirdiyini vurğulayıb.
Turan Həsənzadə gənclərin dini radikalizmdən və zərərli vərdişlərdən uzaq olmasını, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsini və milli-mənəvi dəyərlərin təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Kakalos kənd icra nümayəndəsi Raul Məmmədov ölkəmizdə bütün dinlərə bərabər yanaşıldığını qeyd edərək, gəncləri xalqımızın zəngin milli-mənəvi dəyərlərinə sadiq olmağa çağırıb.
Kənd dini icmasının sədri Hüseynxan İsayev və məktəbin müəllimi Cəmil Hüseynov bu cür tədbirlərin gənclərin mənəvi dünyasını daha da zənginləşdirəcəyinə, vətənpərvər ruhda böyümələrinə yardımçı olacağını bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.