CƏMİYYƏT


Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində yekun tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, məqsəd yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi, Vətən uğrunda canından keçmiş şəhidlərimizin tanıdılması, onların igidliklərinin və vətənpərvərliklərinin gənc nəslə təbliğ olunmasıdır.

Veteranların, şəhid ailələrinin nümayəndələrinin, ziyalıların və gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, layihənin rəhbəri Cəlil Xəlilov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə layihələrin mütəmadi həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, Respublika Veteranlar Təşkilatının və onun şəhər, rayon struktur bölmələrinin yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində səmərəli fəaliyyətindən, bununla bağlı müntəzəm tədbirlərin keçirilməsindən danışıb.

Təşkilatın şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev 29 oktyabr - Türkiyə Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibətilə bütün türk xalqını təbrik edib. Türkiyə-Azərbaycan qardaşlığının tarixi, bütün dövrlərdə, xüsusilə 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Türkiyənin Azərbaycana göstərdiyi qardaş köməyindən söz açan L.Babayev layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər, o cümlədən şəhidlərə həsr olunmuş “Torpağı Vətən edənlər” kitabçasının və məlumat xarakterli bukletin buraxılması barədə məlumat verib. Bildirib ki, ərazisinin 20 faizi düşmən tapdağı altında olan bir ölkənin yeniyetmələrinin və gənclərinin vətənpərvər ruhda tərbiyə edilməsi və yetişdirilməsi vacibdir. Respublika Veteranlar Təşkilatı yeniyetmə və gənclərə Vətənə, xalqa, dövlətə sədaqət, torpağa bağlılıq, onu qorumağa hazır olmaq kimi keyfiyyətləri aşılamağa çalışır. 2016-cı ilin Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan gəncliyi öz atalarının qəhrəmanlıq, mərdlik, vətənpərvərlik yolunu davam etdirməyə daim hazırdır.

Tədbirdə layihənin eksperti, Respublika Veteranlar Təşkilatının şöbə müdiri Adil Haqverdiyev, İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon veteranlar təşkilatının sədri İsmayıl Fərəcov, Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Nizami rayon təşkilatının sədri Nizami Abbasov, veteran şair Zakir Əliyev və başqaları çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda bu cür layihələrin keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda 95 yaşı tamam olan veteran İsmayıl Fərəcov Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Mehmandarov” yubiley medalı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.