REGİONLAR
Gənc pedaqoq: Müəllim olmağı qərara almısansa, fədakarlığa hazır olmalısan
Şabran, 27 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək pedaqoji fəaliyyətə başlayan yeni müəllimlərdən biri də Yeganə Süleymanzadədir.
AZƏRTAC xəbər verir ki, Y.Süleymanzadə hazırda Şabranın rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Qorğan kənd ümumi orta məktəbində coğrafiya fənnini tədris edir. O, 1994-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Coğrafiya və GÇH” fakültəsinin coğrafiya müəllimliyi ixtisası üzrə ali təhsil alıb.
Yeganə Süleymanzadə müəllim olmağı uşaqlıqdan arzulayıb: “Bəzən mənə elə gəlir ki, bu peşəyə olan sevgimlə birlikdə doğulmuşam. Heç vaxt başqa bir peşə barədə düşünməmişəm, mənim üçün ən ideal peşə müəllimlikdir. Uşaq olarkən müəllim peşəsi mənə daha əlçatmaz görünürdü. Sonra müəllimlərimin dəstəyi ilə bunu əlçatmaz bir arzu olaraq yox, bir amal, məqsəd kimi görməyə başladım. Əvvəllər ibtidai sinif müəllimi olmaq istəyirdim, yuxarı siniflərə keçdikcə coğrafiya fənnini sevməyə başladım və qərara gəldim ki, coğrafiya müəllimi olacağam.”
Gənc müəllim üçün kənd şəraitinə uyğunlaşmaq çətin olmayıb. Y.Süleymanzadə bildirir ki, kənd həyatı çox maraqlıdır, buranın insanları daha səmimi, mehriban, qayğıkeşdirlər: “Əgər müəllim olmağı qərara almısansa, fədakarlığa hazır olmalısan. Burada hər şey qaydasındadır, şərait də yaxşıdır, kollektiv də. Mən yüksək şəraiti olan mühitdənsə, peşəmə ehtiyac duyulan, şagirdləri öyrədə biləcəyim, cəmiyyətdə faydalı olduğumu hiss etmək istədiyim uyğun bir mühit arzulayırdım və indi arzuladığım yerdəyəm.”
Gənc müəllimin fikrincə uşaqlarla işləmək maraqlıdır və bu zaman insan özünü yenidən kəşf edir. “Onları izlədikcə özümü formalaşdırıram. Onların yaşına, psixologiyasına uyğun davranmağı, bunun üçün ən münasib üsullardan istifadə etməyi öyrənirəm, özümü püxtələşdirirəm. Yeni, səmərəli nə isə öyrəndiyimdə, özümə lazımi bir vərdiş aşıladığımda daxili bir rahatlıq hiss edirəm. Müəllim olmaq böyük məsuliyyətdir. Sözün həqiqi mənasında "müəllim" ola bilmək üçün daim çalışmaq lazımdır. Bu halda isə yorulmaqdan söhbət belə gedə bilməz. Hər zaman axtarış, hər zaman yeni bir araşdırma, müşahidə, müqayisə və sair. Ünvan və mövzular eyni ola bilər, amma uşaqlar dəyişir. Bütün uşaqlar fərqlidir, hər uşağa da fərdi yanaşmaq lazımdır, fərqli üsullar fərqli vasitələrlə”, - deyə Yeganə vurğulayıb.
Yeganə Süleymanzadə bildirib ki, həyatda keçilə bilinməyəcək maneə yoxdur, təki istək və məqsəd olsun.