MƏDƏNİYYƏT
Gənc pianoçular beynəlxalq müsabiqədə uğur qazanıblar
Bakı, 8 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi beynəlxalq musiqi müsabiqələrində ölkəmizi uğurla təmsil etməkdədir.
İdarədən AZƏRTAC-a bildirilib ki, bu dəfə qələbə sevincini məktəbin fortepiano sinfinin şagirdləri Duyğu Ziyalı və Amira Əliyeva yaşadıb. Fortepiano şöbəsinin müdiri Raminə Ağayevanın istedadlı tələbələri Fransanın Paris şəhərində "International Vision Evro Arts competitions" çərçivəsində keçirilən “Rendez-vous a Paris” beynəlxalq müsabiqədə II və III yerləri tutaraq diplomla mükafatlandırılıb və laureat adına layiq görülüblər.
Duyğu Ziyalı müsabiqədə M.Mierin "Dandelion Rag" əsərini, Amira Əliyeva isə C.Noonanin "Chumber" əsərini ifa edib.
Dəfələrlə beynəlxalq müsabiqədə uğurla iştirak edən istedadlı gənc pianoçuların ifası beynəlxalq münsiflər heyətinin hüsn-rəğbətini qazanıb, münsiflər uşaqlarla yanaşı onları hazırlayan müəllimin peşəkarlığını da yüksək dəyərləndirərək Raminə Ağayevanı diplomla təltif edib.
Xatırladaq ki, "International Vision Evro Arts competitions" Avropanın rəsmi beynəlxalq müsabiqələr silsiləsindən olan mötəbər beynəlxalq distant uşaq və gənclərin yaradıcılığı müsabiqəsidir. Məktəblilərin qatıldığı “Rendez-vous a Paris” beynəlxalq müsabiqəsi bu çərçivədə keçirilən populyar ifaçılıq yarışmasıdır.