MƏDƏNİYYƏT
Gənc rəssamın gözü ilə dünyaya yeni baxış
Bakı, 1 aprel, Günel Əfəndiyeva, AZƏRTAC
Aprelin 1-də “Qalereya 1969” sərgi salonunda xeyriyyə sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə serebral iflicdən əziyyət çəkən 22 yaşlı Ağasəlim Abdullayevin rəsm əsərləri nümayiş olunub. Daha çox rəngkarlıq üslubunda işlənmiş əsərlər gənc rəssamın gözü ilə dünyaya yeni bir baxışı əks etdirir.
Tədbirdə çıxış edən “Da-ART” Təsviri İncəsənət Mərkəzinin rəhbəri, əməkdar mədəniyyət işçisi, rəssamın müəllimi Dilarə Atakişiyeva bildirib ki, bu gün müəllif üçün fərqli gündür. Bu sərgi ad gününü qeyd edən gənc istedadın yeni bir uğurudur. Bu əsərlər vasitəsilə şagirdim A.Abdullayev bir daha göstərir ki, onun dünyası al-əlvan, cazibədar, baxışları isə mehribandır. Bu sərginin fərqli cəhəti də odur ki, əldə olunan gəlir şagirdimin istəyi ilə uşaq evlərinə veriləcək.
“Hər bir əsər böyük bir sevgidən yaranır və insan qəlbinin bir parçasıdır”, -deyən xalq rəssamı Arif Hüseynov vurğulayıb ki, belə əsərlər evlərə işıq gətirməlidir. Çünki rəssamın göz nuru, dünya rəngləri bu əsərlərdə əksini tapır. Xalq rəssamı A.Hüseynov D.Atakişiyevanı təbrik edərək bildirib ki, onun zəhmətinin hədər getməmişdir.
Maraqla qarşılanan sərgidə iştirak edən sənətsevərlər Ağasəlim Abdullayevi təbrik edərək ona işlərində uğurlar arzulayıblar.