CƏMİYYƏT


Gənc sahibkarlar üçün yeni layihə başlayır

Bakı, 15 mart, AZƏRTAC

“Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün “New Generation 3.0 (Yeni nəsil 3.0)” layihəsinin təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Coca-Cola” Fondunun dəstəyi ilə “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı çərçivəsində həyata keçiriləcək. Ölkənin yeddiyədək regionunu əhatə edəcək bu təşəbbüs vasitəsilə 3 min gənc müxtəlif biznes təlimlərində iştirak edəcək, təlimləri uğurla bitirənlər isə öz startaplarını qurmaq üçün müsabiqəyə qatılacaq.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə direktoru İlker Sermen, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, DVC İctimai Birliyinin sədri Ülviyyə Axundova, müxtəlif qurumların rəhbər nümayəndələri, sahibkarlıq, startap fəaliyyəti ilə məşğul olan və ya bu sahədə marağı olan gənclər iştirak ediblər.

DVC İctimai Birliyinin sədri Ülviyyə Axundova “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının fəaliyyəti və “Yeni nəsil 3.0 (New Generation 3.0)” layihəsini təqdim edib, dövlət və özəl qurumların ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafına, gənclərdə bu sahəyə marağın yaradılmasına verilən dəstəyin əhəmiyyətini vurğulayıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva və “Coca-Cola” Şirkətinin Qafqaz regionu üzrə direktoru İlker Sermen gənclərin startap və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, bu sahədə əldə olunan nəticələr və “Youth Inc.” Sahibkarlıq Proqramının fəaliyyətinin önəmini qeyd ediblər.

Sonra İ. Hacıyeva, İ.Sermen və Ü.Axundovanın iştirakı ilə əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, DVC-nin “Youth Inc.” Sahibkarlıq Proqramının rolu gənclər və gənc sahibkarlar arasında təşəbbüsləri dəstəkləmək, sahibkarlıq haqqında məlumatlılığı artırmaq, gənclər və qadınlara sahibkarlıq təhsili verərək onların cəmiyyətdəki və iqtisadi inkişafdakı rolunu artırmaqdır. “Youth Inc.” Sahibkarlıq Proqramı fəaliyyət göstərdiyi on il ərzində 18 mindən çox gənci əhatə edib, 46 biznes layihənin dəstəkçisi olmaqla yanaşı, 31 biznes layihənin fəaliyyətə başlanmasına və 200-dən çox iş yerinin yaranmasına nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.