CƏMİYYƏT
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
Bakı, 21 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz, Şəmkir, Zaqatala sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə təsadüf edən andiçmə mərasimində çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından danışıb, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə ediblər.
Sərhədçilər bu il də peşə bayramlarını xidmətdə qazandıqları müsbət nailiyyətlər və yüksək əhval-ruhiyə ilə qarşılayırlar. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu və mülki işçiləri müxtəlif medallarla və fəxri adlarla təltif ediliblər. Bu ali dövlət təltiflərini sərhədçilər böyük ruh yüksəkliyi ilə qarşılayıb, yüksək etimad ilə fəxr etdiklərini bildiriblər.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.
Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmalarını tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.