ORDU
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
Bakı, 5 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində keçirilən andiçmə mərasimində çıxış edən DSX rəisinin müavini, general-leytenant Əsgər Xəlilov ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan Sərhəd Mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını xüsusi qeyd edib.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə edilib. Eyni zamanda, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nin Sərhəd Qoşunlarına həvalə olunmasının isə şərəf və qürur olmaqla yanaşı, eyni zamanda, Ali Baş Komandanın Azərbaycan sərhədçisinə olan etimad və etibarının ifadəsi kimi dəyərləndirilib.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilib və onlara müvəffəqiyyətlər arzulanıb.
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.