MƏDƏNİYYƏT
Gənc sıktıvkarlılar Azərbaycan ədəbiyyatı haqqında daha çox məlumat əldə edəcəklər
Moskva, 25 sentyabr, AZƏRTAC
S.Marşak adına Komi Respublikası (Rusiya) Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri başlanıb. Gənc oxucular bir həftə ərzində “Azərbaycana xoş gəlmisiniz!” kitab sərgisi ilə tanış ola biləcək və bu ölkənin uşaq yazıçılarının yaradıcılığı haqqında görüş-söhbətdə iştirak edə biləcəklər.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Marina Kruqlovanın jurnalistlərə verdiyi məlumata görə, artıq beş ildir “Oşpi” multimədəni mərkəzinin proqramı üzrə iş aparılır. Müxtəlif millətlərin mədəniyyət günləri ilk növbədə ədəbiyyata, o cümlədən müxtəlif ölkələrdən olan müəlliflərə həsr edilir. Hazırda kitabxananın fondu Belarus, Macarıstan, Fransa və Almaniya yazıçı və şairlərinin əsərlərini əhatə edir.
Rübdə bir dəfə kitabxanada bu və ya digər xalqın ədəbiyyat günləri keçirilir. Bu dəfə Azərbaycan müəllifləri seçilib. Gənc oxucular üçün ənənəvi olaraq kitab sərgisi, habelə bir sıra əyləncəli-öyrədici tədbirlər hazırlanıb. Kitabsevərlər Azərbaycana virtual səyahət edirlər: kitabxananın əməkdaşları tədbirə gələnləri Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı və Bakı Dənizkənarı Bulvar ilə elektron formada tanış edirlər.
Oxucular üçün, həmçinin Azərbaycan nağılları ilə tanış olmaq imkanı yaradılıb. Azərbaycan yazıçılarının yaradıcılığı haqqında “Xalqlar öz kitabları səviyyəsində dostluq edir” mövzusunda söhbət aparılır.
Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri sentyabrın 30-da başa çatacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva