ELM VƏ TƏHSİL


Gənc tədqiqatçılar Azərbaycan Universitetində

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Universitetində gənc tədqiqatçıların birinci respublika elmi-praktik konfransı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Bakıda və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrini, elmi-tədqiqat institutlarını, müxtəlif dövlət qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçıların iştirak etdiyi tədbirdə informasiya və kommunikasiya texnologiyaları (İKT) və tətbiqləri, humanitar və sosial elmlər, iqtisadiyyat sahələrində əldə edilən elmi yeniliklər müzakirə olunub və fikir mübadiləsi aparılıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən tədbirdə universitetin rektoru Səadət Əliyeva bildirib ki, ölkəmizdə gənclər siyasətinin prioritet istiqamətlərindən biri onların hərtərəfli inkişafına əlverişli şərait yaradılmasıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. S.Əliyeva bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində elmi mühitin və gənc tədqiqatçıların intellektual potensialının inkişaf etdirilməsi, onların elmi idrakın əsaslarına yiyələnmələri istiqamətində mühüm işlər görülür və beynəlxalq təcrübədən geniş istifadə olunur. Rektor deyib: “Bugünkü konfrans bu istiqamətdə atdığımız növbəti addımlardan biridir. Gənc mütəxəssislər, tədqiqatçılar gün ərzində əldə etdikləri elmi nailiyyətləri və təcrübələri paylaşacaq, qarşılaşdıqları problemləri təhlil və müzakirə edəcək, onların həlli üçün təkliflər irəli sürəcəklər”.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Nəsimi Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza gənclərin elmə marağının artırılması və tədqiqat işlərinə cəlb olunmasının vacibliyini vurğulayıb, bu sahədə görülən işlərdən söz açıblar.

Plenar iclasda professorlar Qorxmaz Quliyev və Qabil Əliyevin, dosent Boran Əzizinin məruzələri dinlənilib.

Konfrans işini ictimai elmlər, filologiya, iqtisadiyyat və İKT bölmələrində davam etdirib.

Tədbir bölmə sədrlərinin hesabat çıxışları ilə yekunlaşıb. Bağlanış mərasimində bölmələr üzrə ən yaxşı elmi tədqiqat işlərinin müəllifləri sertifikatla mükafatlandırılıb.

Konfransa 18 universitet və beş elmi-tədqiqat institutunu təmsil edən yüzdən artıq məruzə qəbul edilib və materiallar toplu şəklində çap olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.