ELM VƏ TƏHSİL


Gənc tədqiqatçılara beynəlxalq elmi jurnallarda elmi məqalələrin yazılma qaydaları öyrədilir

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Clarivate Analytics” şirkətinin həyata keçirdiyi “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: gənc alim və tədqiqatçılara dəstək” layihəsi çərçivəsində təlim keçirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, layihənin əsas məqsədi mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarəedilmə prinsipləri və digər mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdir. Nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması müəllimlərin fəaliyyətinin qiymətləndirilməsində əhəmiyyətli rol oynayır.

“Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə təmsil olunduğu qurumda yer alan elmi jurnallar haqqında, agentliyin təqdim etdiyi “Web of Science” platforması və burada axtarışın səmərəli aparılması, platformada qeydiyyatdan keçmək kimi məsələlərlə bağlı məlumat verib. O bildirib ki, bu jurnalların təsir gücü onlara edilən istinadların sayı ilə müəyyən edilir. Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrin ümumi sayına görə Azərbaycan Cənubi Qafqazda ikinci yerdə dayanır. 2016-cı illə müqayisədə ADPU-nun müəllimlərinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin ümumi sayı üç dəfə artıb.

Xəzər Universitetinin “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq elmi jurnalının redaktor müavini Xəyalə Məmmədova elmi jurnalın idarə edilməsi prinsipləri, “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı layihə iştirakçılarını məlumatlandırıb.

Təlimdə mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.