ELM VƏ TƏHSİL
Gənc tədqiqatçılara diplom və sertifikatlar verilib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbə elmi cəmiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual problemləri: əsas istiqamətlər və perspektivlər” mövzusunda respublika tələbə elmi-nəzəri konfransı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva rəhbərlik etdiyi qurumun təkcə sənətkarlıq yox, həm də nəzəri biliklər sahəsində ciddi elmi tədqiqatlar apardığını söyləyib. Ulu öndər Heydər Əliyevin gənclərin mənəvi tərbiyəsinə xüsusi önəm verdiyini xatırladan F.Əliyeva həmin işin bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru M.Əlizadə, filologiya elmləri doktoru N.Şəmsizadə, professor B.Xəlilov və başqaları tədbirin əhəmiyyətindən danışıblar.
Konfrans işini “Azərbaycanşünaslığın fəlsəfi əsasları” və “Azərbaycan mədəniyyətinin müasir mərhələləri” bölmələri üzrə davam etdirib.
Tədbirdə 14 ali təhsil müəssisəsinin tələbə və magistrantları məruzələrlə çıxış ediblər.
Sonda gənc tədqiqatçılara diplom və sertifikatlar təqdim olunub.