MƏDƏNİYYƏT
“Gənc turist” klublarının fəaliyyəti müzakirə olunmuşdur
Bakı, 7 iyun (AZƏRTAC). H.Sarabski adına mədəniyyət evində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) nəzdindəki mədəniyyət müəssisələrində yaradılmış “Gənc turist” klublarının fəaliyyətinə həsr olunan tədbir keçirilmişdir.
Klubların koordinatorlarının və Bakı şəhərindəki mədəniyyət müəssisələri direktorlarının iştirak etdiyi tədbirdə BŞMTİ-nin rəisi Əlikram Əliyev “Gənc turist” layihəsi, onun məqsəd və əhəmiyyəti haqqında danışmışdır. Bildirmişdir ki, turizm sahəsinin inkişafına dəstək vermək, gənclərin asudə vaxtlarının səmərəli təşkilini, maraq və meyllərini təmin etmək məqsədi ilə yaradılan “Gənc turist” klubları həm də gənclərin turizm sahəsinə olan maraqlarını artırmaq, formalaşdırmaq, intellektual inkişaflarını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu klubların başlıca məqsədlərindən biri də turizm sahəsinə marağı olan, karyerasını bu sahədə qurmağı düşünən gənclərə əsas bilgiləri aşılamaq, onların ixtisaslı kadr kimi yetişmələrinə kömək etməkdir.
Bildirilmişdir ki, “Gənc turist” klubları dövlət siyasətinin həyata keçirilməsində gənclərin fəal iştirakını təmin etmək, onları bu sahənin inkişafına cəlb etmək və sistemli fəaliyyətlərinə zəmin yaratmaq istiqamətində mühüm addımlardan biridir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunduğunu diqqətə çatdıran Ə.Əliyev layihənin turizm sahəsinə meylli gənclərin savadlı kadr kimi yetişməsində əhəmiyyətli rolundan bəhs etmiş, 75 klubun hazırda 869 üzvü olduğunu, onların sayının sürətlə artdığını vurğulamışdır.
Bakının Səbail rayonundakı mədəniyyət müəssisələrinin nəzdində fəaliyyət göstərən “Gənc turist” klublarının baş koordinatoru Cəfər Mənsimi, Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəhla Qəmbərova layihəni yüksək qiymətləndirmiş, əldə olunan uğurlardan danışmışlar.