MƏDƏNİYYƏT


Gənc yazar Pərvanə Bayramqızı ilə online görüş

Bakı, 28 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası gənc yazar, kitabxananın əməkdaşı Pərvanə Bayramqızı ilə virtual görüş keçirib.

AZƏRTAC xəbər verir ki, kitabxananın “Instagram” səhifəsi üzərindən aparılan canlı yayımda vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Görüşdə P.Bayramqızı qələmə aldığı hekayələr, məqalələr haqqında məlumat verib, ədəbi dərgilərə oxucu marağından danışaraq, karantin müddətində mütaliənin insanların həyatında daha mühüm yer tutduğunu vurğulayıb. Pərvanə Bayramqızı mətbuat səhifələrində ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabı 2008-ci ildə ADMİU-nun “Qarabağ” mətbəəsində çap olunub. Müxtəlif illərdə “Savalan”, “Rəy” (Gəncə), “Bütöv Azərbaycan”, “Ədalət” qəzetlərində, “Günəş”, “Yazı”, “Xəzan”, “Ustad”, “Azərbaycan” və “Ulduz” jurnallarında Pərvanə Bayramqızı imzasıyla şeir, hekayə və köşə yazıları dərc edilib. “Yaza bilməyən yazıçı” adlı ikinci kitabı Pərvanə Bayramqızının son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının məcmusudur. Uşaqlarda erkən yaşlardan kitaba maraq aşılamaq məqsədinə xidmət edən köşə yazıları və hekayələrində ədəbiyyatın, mütaliənin təbliğinə yönləndirdiyi fəaliyyəti uğurludur. İstər müharibə, istərsə də digər mövzularda yazdığı hekayələrində mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinə üstünlük verir.

P.Bayramqızı, eyni zamanda, yazılarında təhsillə, ana dili ilə bağlı problemlərə də toxunur. Ana dili mövzusunda yazılarına görə Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.