REGİONLAR
Gənc yazarın “Möhtəşəm Zəfərin nişanəsi” kitabı təqdim olunub
Beyləqan, 8 dekabr, AZƏRTAC
Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində gənc yazar, publisist Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabının təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə Qəhrəmanlar parkını ziyarət ediblər.
Mədəniyyət evində davam edən tədbirdə gənc yazar Sevindik Nəsiboğlunun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə bildirilib ki, “Möhtəşəm Zəfərin nişanəsi” kitabının əsas mövzusunu Birinci Qarabağ müharibəsi, atəşkəs dövrü, 2016-cı ilin Aprel, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçıları haqqında publisistik məqalələr, şeirlər, eləcə də 1992-2020-ci illərdə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları barədə müəllif tərəfindən yaradılmış vikipediya səhifələri təşkil edir. Kitabda 76 şəhid, 2 qazi, 2 müharibə iştirakçısı haqqında məqalə və şeirlər, azad edilmiş ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeir, 365 şəhidimiz haqqında ensiklopedik məlumat yer alır.
Təqdimatda çıxış edənlər istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılmasında, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin təşkilinin əhəmiyyətindən söz açıb, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi olduğunu vurğulayıblar.
Sonra Xocavənd Rayon Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı Sevindik Nəsiboğlunun şeirlərindən ibarət kompozisiya nümayiş olunub.