İQTİSADİYYAT
Gəncə Avtomobil Zavodu ildə minədək yük avtomobili yığmaq iqtidarındadır
Bakı, 14 fevral, AZƏRTAC
Gəncə Avtomobil Zavodu ildə minədək yük avtomobili yığmaq iqtidarındadır.
AZƏRTAC Minsk Avtomobil Zavodunun (MAZ) saytına istinadla xəbər verir ki, bütün texnika keyfiyyətli zəmanət və ölkənin regionlarında servis xidməti ilə təchiz olunub.
Məlumatda bildirilir ki, Minsk Avtomobil Zavodunun baş direktoru Dmitri Kateriniç və “Gəncə Avtomobil zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bu il fevralın əvvəlində istehsal, satış, servis mərkəzlərinin açılması və məhsulların üçüncü ölkə bazarlarına çıxarılması sahələrində əməkdaşlığın inkişafı haqqında memorandum imzalayıblar.
Dmitri Kateriniç və onun müavini Aleksandr Zaxarçenko Azərbaycanda olarkən burada istehsal olunan “MAZ” avtomobillərinin üçüncü ölkə bazarına çıxarılması və istehsalın səmərəliliyinin yüksəldilməsi barədə danışıqlar aparılıb.
Məlumatda xatırladılır ki, 2010-cu ilin mart ayında Gəncə, Minsk Avtomobil zavodları və Almaniyanın “Haller” şirkəti arasında üçtərəfli müqavilə imzalanıb. Müqavilə Gəncədə “MAZ” avtomobilinin yığıldığı bölmədə “Haller” şirkətinin kommunal texnikasının quraşdırılmasını nəzərdə tutur. Azərbaycanda Minsk Avtomobil zavodunun istehsalı olan hər növ yük avtomobillərinin yığılması və satışı üzrə müqavilə isə 2006-cı ildə bağlanıb.