REGİONLAR
Gəncə Dövlət Dram Teatrında Ələddin Abbasovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
Gəncə, 15 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Dram Teatrında uzun illər çalışmış görkəmli sənətkar, Xalq artisti, səhnəmizdə unudulmaz obrazlar yaradan, kinomuzun Cahandar ağası Ələddin Abbasovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, Xalq artisti Məmmədəli Balayev, sənətkarın ailə üzvləri və teatrın kollektivi iştirak ediblər.
Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Gəncə şəhər Fəxri xiyabanında Ələddin Abbasovun məzarını ziyarət edib, ruhuna dualar oxunub və önünə tər güllər düzüblər.
Tədbir Ələddin Abbasovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Mərasimdə görkəmli sənətkarın çalışdığı teatrın rəhbərliyi və kollektivi, o cümlədən ailə üzvləri, sənət yoldaşları tərəfindən onun xatirəsi anılıb, yaradıcılığı haqqında bəhs olunub. Bildirilib ki, Ələddin Abbasovun yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Ələddin Abbasovun aktyorluq təhsili olmasa da xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmə malik olub. Yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.
Sonra Ələddin Abbasovun xatirəsinə həsr olunan, yazıçı Nüşabə Əsəd Məmmədlinin qələmə aldığı “Cavad Xan” tarixi dramı nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədov, rəssamı Mehdi Hüseynov, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Sevda Əliyevadır. Tamaşada Cavad xan obrazında Əməkdar artist Elxan Abbasov, Mələknisə Bəyim rolunu isə Xalq artisti Pərvanə Qurbanova oynayıb.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.