REGİONLAR
Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konsert proqramı təqdim edib
Gəncə, 1 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş maraqlı konsert proqramı təqdim edib.
Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, AMEA-nın Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, ictimaiyyət nümayəndələri və şəhər ziyalıları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Respublikanın Əməkdar artisti, dirijor Elçin Elçiyevin bədii rəhbərliyi ilə Xalq çalğı alətləri orkestri maraqlı konsert proqramı təqdim edib. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından bir parça, Xalq artisti Sevinc İbrahimovanın ifasında “Gülüm”, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın ifasında “Sevgili canan”, “Gəncəm”, Əməkdar artist Kəmalə Tağızadənin ifasında “Anam Azərbaycan”, Filarmoniyanın solisti Günel Hacıyevanın ifasında “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, “Ölkəm”, solist Rüstəm Cəfərovun ifasında “Vətən nəğməsi”, solist Xəyal Əliyevin ifasında “Xudayar təsnifi” təqdim olunub. Konsertdə, həmçinin “Gəncəm” triosunun təqdimatında Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, bəstəkar Svetlana Zəlmixanqızının Nizami Gəncəvinin “Görünür” qəzəlinə yazdığı mahnısı səsləndirilib.
Konsert Filarmoniyanın baletmeysteri Sənan Cavadovun rəhbəri olduğu “Xəmsə” uşaq rəqs ansamblının “İgidlər” və “Naz eləmə” rəqsləri ilə davam edib.