REGİONLAR
Gəncə Dövlət Universitetində plan yerləri 93 faizə yaxın dolub
Gəncə, 17 avqust, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın qərb bölgəsində ən nüfuzlu ali təhsil müəssisələrindən olan Gəncə Dövlət Universitetində (GDU) avqustun 15-dən qəbul olunmuş tələbələrin qeydiyyata alınmasına başlanıb.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, GDU-ya 40 ixtisas üzrə 1700 plan yerinə 1570 nəfər birinci turda qəbul olunub.
Universitet üzrə boş qalan plan yerlərı I və II ixtisas qruplarına aiddir. Beləliklə, GDU-da plan yerləri 92,35 faiz dolub.
Tələbələrin qeydiyyatdan keçməsi üçün lazım olan bütün şərait yaradılıb. Bunun üçün universitetin 13 nəfər əməkdaşı cəlb edilib. Qeydiyyat zamanı növbəlilik prinsipi, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Universitetdə yaradılan sənəd qəbulu komissiyası GDU–nun Heydər Əliyev küçəsi, 429 ünvanında, əsas və 1 nömrəli binasında şənbə, bazar və bayram günləri istisna olmaqla, hər gün saat 9.00-dan 17.00-dək fəaliyyət göstərir.
Qeyd edək ki, qəbul olunmuş tələbələrin qeydiyyata alınması prosesi avqustun 27-dək davam edəcək.