REGİONLAR
Gəncə Dövlət Universitetində plan yerləri 94,9 faiz dolub
Gəncə, 17 avqust, Rauf Hacıyev, AZƏRTAC
Avqustun 16-dan Gəncə Dövlət Universitetinə (GDU) qəbul olunmuş tələbələrin qeydiyyata alınmasına başlanıb.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirilib ki, GDU-ya 40 ixtisas üzrə 1520 plan yerinə 1443 nəfər qəbul olunub.
Beləliklə, GDU-da plan yerləri 94,9 faiz dolub. Keçən il universitetdə plan yerləri 89,2 faiz dolmuşdu.
Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Universitetdə yaradılan sənəd qəbulu komissiyası GDU-nun Heydər Əliyev küçəsi, 429 ünvanında, əsas və 1 nömrəli binasında şənbə, bazar və bayram günləri istisna olmaqla, hər gün saat 9-dan 17-dək fəaliyyət göstərir.
Qeyd edək ki, qəbul olunmuş tələbələrin qeydiyyata alınması prosesi avqustun 26-dək davam edəcək.