REGİONLAR
Gəncə Dövlət Universitetində sənaye müəssisələrində tullantıların minimallaşdırılması mövzusunda forum
Gəncə, 12 iyul, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Regional resurs səmərəliliyi və daha təmiz istehsal (RSDTİ), sənaye müəssisələrində tullantıların minimallaşdırılması” mövzusunda forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda BMT-nin Sənayenin İnkişafı Təşkilatı, RSDTİ Nümayiş Komponentinin Azərbaycandakı nümayəndəsi və forumun milli koordinatoru Rauf Rzayev, RSDTİ üzrə milli məsləhətçi Bəhruz Məmmədov, eləcə də İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, eləcə də GDU-nun professor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva çıxış edərək, forumun müasir dövrdə əhəmiyyətindən danışıb.
İcra hakimiyyətinin nümayəndəsi Bəxtiyar Musayev, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev məsələnin aktuallığını diqqətə çatdırıblar.
Rauf Rzayev və Bəhruz Məmmədov çıxışlarında bildiriblər ki, Eap GREEN (Ətraf mühit və artım üçün tərəfdaşlıq) Proqramı Azərbaycan və digər Şərq tərəfdaşlığı ölkələrinin hökumətlərinə yaşıl iqtisadiyyata keçidin başlanılması üçün dəstək göstərir. Qeyd olunub ki, bu proqram Eap GREEN OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) koordinasiyası ilə bir sıra beynəlxalq təşkilatlar – UNECE (BMT-nin Avropa İqtisadi Komissiyası), UNEP (BMT-nin Ətraf Mühit Proqramı) və UNİDO (BMT-nin Sənayenin İnkişafı Təşkilatı) tərəfindən Azərbaycanda RSDTİ vasitəsilə həyata keçirilir. 2016-cı ilin avqust ayına qədər RSDTİ-nin əsas istiqamətləri - enerji, xammal və materiallardan səmərəli istifadə, emissiyaların, bərk tullantıların və istehsalat tullantılarının azaldılması kimi mövzular daxil olmaqla, 6 forumun keçirilməsi nəzərdə tutulub.
Forumun sonunda təqdimatlara dair verilən suallar cavablandırılıb.