REGİONLAR


Gəncə Dövlət Universitetinin 80 illik yubileyi təntənə ilə qeyd olunacaq

Gəncə, 5 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universitetinin 80 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC–ın bölgə müxbirinə bildirilib ki, noyabrın 23-də başlanılacaq tədbirlər 2 gün davam edəcək. Tədbirlərə respublikamızın və dünyanın bir sıra elm-təhsil mərkəzlərinin, universitetlərin rəhbərləri, nüfuzlu alimlər, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və xarici qonaqlar qatılacaqlar.

Tədbirlər çərçivəsində universitetin bu illər ərzində keçdiyi inkişaf yolunu özündə əks etdirən sərgi təşkil olunacaq. Sərgidə universitet alimlərinin ixtiraları, monoqrafiya və elmi kitabları, eləcə də ali təhsil müəssisəsinin elm, təhsil sahəsindəki nailiyyətləri, idmançı tələbələrin beynəlxalq yarışlardakı uğurları və bir sıra yeniliklər nümayiş etdiriləcək.

Universitetin 80 illik fəaliyyətini özündə əks etdirən “Gəncə Dövlət Universiteti – 80” adlı kitabın, ali təhsil müəssisəsinin media orqanı olan “Yüksəliş” qəzetinin xüsusi nömrəsinin, eləcə də “Gdu.edu.az” saytının yenilənmiş variantının da həmin gün təqdimatı olacaq.

Gəncə Dövlət Universitetinin 80 illik yubiley günü dördmərtəbəli 5-ci tədris korpusunun yenidənqurma və təmirdən sonra açılışı isə yalnız universitetin deyil, həm də respublikamızda daha keyfiyyətli yüksəkixtisaslı kadrların hazırlanması işinə bir töhfə olacaq.

Həmin gün TİKA-nın (Türk Əməkdaşlıq və İnkişaf Agentliyi) dəstəyi ilə yaradılan 40 min yeni kitab fonduna malik Nuru Paşa adına Kitabxana və Elektron Oxu Zalı, eləcə də Elektron Öyrənmə Mərkəzi, Müasir Təlim Mərkəzi, Aleksandr Düma adına Mədəniyyət Mərkəzi, Əlil Tələbələr üçün Mərkəz istifadəyə veriləcək.

Həmçinin yubiley iştirakçıları universitetin ilk dəfə qurulmuş yeni muzeyi ilə də yaxından tanış olacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamlara əsasən Gəncə Dövlət Universitetinin 15 nəfər əməkdaşı “Tərəqqi” medalı ilə təltif olunub, 7 nəfərə “Əməkdar müəllim”, 1 nəfərə isə “Əməkdar mühəndis” fəxri adı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.