REGİONLAR
Gəncə Dövlət Universitetinin əməkdaşları Vyanada beynəlxalq layihənin müzakirəsində iştirak ediblər
Gəncə, 25 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) əməkdaşları Vyanada “Erasmus+” proqramı çərçivəsində “Tələbələr üçün Ombudsman xidmətinin yaradılması” (AESOP) layihəsi ilə bağlı keçirilən tədbirdə iştirak ediblər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Avstriyanın Təhsil, Elm və Tədqiqat Nazirliyinin nəzdində fəaliyyət göstərən Tələbə Ombudsman Ofisində keçirilmiş görüşdə GDU-nun Tələbə Ombudsman Mərkəzinin rəhbəri Rəşad İsgəndərov və İnnovasiyalar Departamentinin əməkdaşı Asif Həsənov təmsil ediblər.
Layihənin tərəfdaşı olan GDU ilə yanaşı, digər benefisiar tərəfdaşlar (o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyi və respublikamızın dörd ali təhsil müəssisəsi) Avstriyanın təcrübəsi ilə tanış olmaq üçün bu tədbirdə iştirak ediblər.
Tədbirdə ali təhsil müəssisələrinin təmsilçiləri yaratdıqları ombudsman mərkəzləri, layihə çərçivəsində həyata keçirdikləri işlər, fəaliyyətləri dövründə yaranan problemlər barədə məlumat veriblər.
Bildirilib ki, layihə çərçivəsində cari ilin əvvəlində Gəncə Dövlət Universitetində, Xəzər Universitetində, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Universitetində tələbələr üçün Ombudsman mərkəzləri yaradılıb. Həmin mərkəzlərin yaradılmasının məqsədi tələbələrin akademik mühitdə yarana biləcək çətinliklərinin aradan qaldırılması üçün çıxış yollarının göstərilməsi, bu sahədə qanunvericiliklə bağlı tələbələrin məlumatlandırılması, onların hüquq və vəzifələrinin izah edilməsi, həmçinin təbliğat işlərinin aparılması və tələbələrin hüquqlarının müdafiəsidir.
Görüşdə layihə ilə bağlı gələcək addımlar müzakirə edilib, mövzu ətrafında geniş diskussiyalar aparılıb, tövsiyələr verilib.